Yeni qaydalara əsasən, reqlamentin əhatə etdiyi oyuncaqlar istehlak bazarında dövriyyəyə buraxılmadan əvvəl məcburi sertifikatlaşdırmadan keçməli və uyğunluq nişanı ilə nişanlanmalıdır. Sertifikatlaşdırmanı akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar həyata keçirəcək.
Sənəddə oyuncaqların materiallarına, konstruksiyasına, fiziki və mexaniki xüsusiyyətlərinə, kimyəvi tərkibinə, elektrik və gigiyenik təhlükəsizliyinə dair tələblər müəyyənləşdirilib. Üç yaşadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqlara materiallar və hissələrin ölçüləri üzrə xüsusi tələblər də tətbiq olunacaq.
Etiket məlumatlarına da ayrıca tələblər qoyulur. Məhsulun adı, istehsal olunduğu ölkə, istehsalçı və idxalçının əlaqə məlumatları, uşağın minimum yaş həddi və ya müvafiq piktoqram, eləcə də istehsal tarixi göstərilməlidir. İdxal edilən oyuncaqların etiketləri, adları və istifadə qaydalarına dair izahat vərəqələri Azərbaycan dilinə tərcümə ilə müşayiət olunmalıdır.
Bu dəyişikliklər oyuncaq idxalı və satışı ilə məşğul olan sahibkarlar üçün tədarük sənədlərinin, məhsul etiketlərinin və uyğunluq prosedurlarının əvvəlcədən nəzərdən keçirilməsini gündəmə gətirir. Yeni məhsul partiyalarının satınalma planlarında sertifikatlaşdırma prosesi də nəzərə alınmalıdır.
Qərar dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək. Reqlament qüvvəyə minməzdən əvvəl idxal olunan, ölkədə istehsal olunub dövriyyəyə buraxılan və istifadədə olan oyuncaqlara şamil edilmir. Fərdi sifarişlə hazırlanmış oyuncaqlar, sərgi nümunələri və sənəddə oyuncaq sayılmayan məhsullar da onun əhatə dairəsindən kənardır.