Hansı köçürmələr barədə məlumat təqdim edilir?
Bir elektron köçürmənin məbləği 20 000 manata və ya ona ekvivalent xarici valyutaya bərabər və ya bundan yüksək olduqda, həmin əməliyyat barədə məlumat və sənədlər Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməlidir.
Bundan əlavə, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin bir təqvim ayı ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 50 000 manatı keçdikdən sonra həmin ay ərzində aparılan növbəti köçürmələr barədə də məlumat təqdim olunacaq.
İllik hədd aylıq meyarla əvəzlənir
Beləliklə, əvvəl tətbiqi nəzərdə tutulan illik 20 000 manatlıq kumulyativ mexanizm aylıq 50 000 manatlıq hədlə əvəzlənir. Bununla yanaşı, 20 000 manat və daha yüksək məbləğdə olan ayrı-ayrı elektron köçürmələr üzrə hesabat tələbi də qüvvədə qalır.
Bu dəyişiklik köçürmələrə qadağa qoymur
Yeni tələblər elektron köçürmələri və nağdsız hesablaşmaları qadağan etmir. Söhbət maliyyə institutlarının müəyyən əməliyyatlar barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməsindən gedir.
Bu meyarlar POS-terminal vasitəsilə aparılan və ekvayrinq əməliyyatlarına şamil edilmir. Şübhəli hesab edilən əməliyyatlar isə məbləğindən asılı olmayaraq ayrıca monitorinqə cəlb oluna bilər.
Aidiyyəti əməliyyatlar barədə məlumat və sənədlər, əsasən, əməliyyat həyata keçirildikdən sonra üç iş günü ərzində təqdim edilməlidir.
Yeni qayda nə vaxt qüvvəyə minir?
Dəyişikliklərin əvvəl 1 oktyabr 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulsa da, yenilənmiş qərarla tətbiq tarixi 1 yanvar 2027-ci il olaraq müəyyən edilib.