Əmək və sosial təminat

Prezident 2027-ci ildə minimum əməkhaqqı və sosial ödənişlərin artırılacağını bildirib

Azərbaycanda minimum aylıq əməkhaqqının 2027-ci ildə artırılacağı açıqlanıb. Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin qaldırılacağını bildirib. Dövlət başçısı bu istiqamətdə artıq göstəriş verildiyini qeyd edib.

Minimum əməkhaqqının yeni məbləği, artım faizi və qüvvəyə minmə tarixi barədə hələlik konkret məlumat açıqlanmayıb. Hazırda Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manatdır. Bu məbləğ 2025-ci il yanvarın 1-dən qüvvədədir.

Maliyyə sənədləri və hesablamalar üzərində işləyən şəxs

Mövzu Əmək Məcəlləsinə 2026-cı ildə edilmiş dəyişiklik fonunda da diqqət çəkir. Dəyişikliyə əsasən, minimum əməkhaqqı məbləğinə Nazirlər Kabinetinin təklifləri əsasında Prezident tərəfindən ildə azı bir dəfə yenidən baxılmalıdır. Bu qayda illik baxılmanı nəzərdə tutur, lakin artımın faizini və yeni məbləği avtomatik müəyyən etmir.

Qanunvericiliyə görə, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin əməkhaqqı dövlət tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından aşağı ola bilməz.

Mənbə

← Bloqa qayıt